Aqil Hümbətov

Mənbə: Foto: Meydan TV

Başlıq: Aqil Hümbətov

Aqil Hümbətovun xanımı: Onu xəstəxanada məhv edirlər

Vəkili Aqil Hümbətovla görüşə buraxmayıblar

Əhalinin sosial iqtisadi durumunun ağırlığına görə sosial şəbəkələrdə hökuməti günahlandıran, Prezidentdən uşaqpulu tələb edən AXCP üzvü Aqil Hümbətovun həyatının təhlükə altında olduğu bildirilir. “Facebook” hesabından bu məzmunda çıxışından bir gün sonra zorla Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına salınan A.Hümbətovun xanımı Aygün Hümbətova deyir ki, iynə-dərmanlar onun səhhətinə mənfi təsir göstərir.

“Xəstəyə vurulmalı iynələri, verilməli dərmanları sağlam adama zorla qəbul etdirirlər. Nəticədə sağlam adamı getdikcə xəstəyə çevirirlər. Aqilə görə çox narahatam və bu da əsassız deyil. Mayın 11-də telefonla danışanda sanki keyləşmişdi, danışa bilmirdi, halsız idi. Bircə onu deyə bildi ki, “çox pisəm”. Dedi ki, ona iynələr vururlar, dərmanlar verirlər. Amma adlarını bilmir. Bir tərəfdən ona lazım olmayan iynə-dərmanlar, ikinci tərəfdən ağır psixi xəstələrlə birlikdə saxlanması, çətin durumda olan ailənin dərdi, nigarançılıq... Bütün bunlar onu məhv edir”, - deyə A.Hümbətova Meydan TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı aprelin 2-də xəstəxanaya yerləşdiriləndən bu yana onu görməyib, ancaq telefonla danışırlar: “Oranın işçilərinin telefonuyla zəng edir. Danışanda da başının üstündə dayanırlar, ona görə çox sözü deyə bilmir. Amma özüm danışığından hiss edirəm”.

A.Hümbətova bildirib ki, Aqilə göndərdiyi “Quran” kitabını və təsbehi ona çatdırmayıblar. Səbəb kimi isə onun təsbehin ipiylə özünü boğa bilməsi ehtimalını göstəriblər.

Aqilin üç azyaşlı uşaq atası olduğunu vurğulayan xanımının sözlərinə görə, uşaqlardan biri xəstəlikdən əziyyət çəkir. Küçələrdən plastik, karton toplamaqla ailəsini dolandıran A.Hümbətovun əsas çətinliklərindən biri də o uşağın dərmanlarına pul çatdırmaq idi: “Bunlar sözün düzünü deyən adamı ya dəlixanaya salırlar, ya da həbsxanaya. Belə insafsızlıq, ədalətsizlik olmaz. Hələ mən maddi tərəfini bir yana qoyuram, bələdiyyədən kömək olunur, cəbhəçilər əllərindən gələni eləyirlər. Mən təkbaşına bu üç uşağı necə yola verim? Xəstəni müalicəyə aparmalıyam, körpəni qoyub çıxa bilmirəm. Qızım atasından ötrü göz yaşı tökür...”.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, A.Hümbətov xəstəxanaya məhkəmə qərarı əsasında yerləşdirilib, onun vəziyyəti normaldır.

Küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandıran A.Hümbətov martın 29-da “Facebook” hesabından hökuməti və şəxsən Prezidenti tənqid edəndən bir gün sonra – martın 30-da küçədən tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra onu bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada saxlandığı müddətdə xəstəxananın baş həkimi Ağahəsən Rəsulov onun məcburi müalicəyə cəlb olunmasına icazə almaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib. Lakin hakim Samir Talıbov aprelin 1-də baş həkimin ərizəsinə baxaraq, onu təmin etməyib. Həmin gün də o, evə buraxılıb. Aprelin 1-də yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri açıqlayan A.Hümbətov ertəsi gün günorta yenidən zorla xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov onun şikayətini təmin edib və dərhal da A.Hümbətov xəstəxanaya salınıb. O vaxtdan da oradan buraxılmayıb.

İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətovun xanımı deyir ki, şikayətçi kimi adı keçən üç nəfərdən onların yaşadığı Zirə qəsəbəsində adamları şərləmək məqsədilə tez-tez istifadə olunur.

A.Hümbətovun xəstəxanadan buraxılması barədə qərar çıxaran Samir Talıbovun hakimlik səlahiyyətlərinə bundan təxminən on gün sonra xitam verilib. O, öz ərizəsilə bu vəzifədən getdiyini bildirib. Lakin başqa mənbələr onun ərizə yazmağa məcbur edildiyini iddia edir.

A.Hümbətovun vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarını bir aydan çoxdur ki, ala bilmir. Vəkil Ali Məhkəməyə kassasiya şikayəti verəcək. Vəkilin sözlərinə görə, onun xəstəxanada A.Hümbətovla görüşünə də imkan verilmirdi, iki dəfə Maştağaya getsə də, görüşə icazə verilməmişdi. Ombudsman Aparatına şikayətdən sonra müdafiəçi A.Hümbətovla görüşüb.

Mayın 12-də təkrar A.Hümbətovla görüşə gedən Nemət Kərimli Meydan TV-yə deyib ki, onu içəri buraxmayıblar və görüşə icazə verməyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wo69lg

Ən çox baxılan