Allahdan qorxan tək adam

Çətinə düşən kimi də “Allahdan qorx”, “ya da “Allaha tapşırıram”, “Allah kömək olsun” deyirik.

Source: Foto: Meydan TV


Yaslar, ölümlər urvatdan düşüb

Artıq qonum-qonşu ölümü, xəstəliyi bizə faciəvi və ya ağır gəlmir. Yaslarda belə insanların gözündən yaş axmır. Elə bil hamı o yasa gələnə qədər gözündəkini ürəyinə axıdır. Ya da bəlkə sosial və psixoloji durumun ağır olduğu ölkələrdə də eynən müharibələrdə olduğu kimi, insanlar ölümlərə alışır?!

Fələstində 5 övladını basdırıb kamera arxasına keçən atanın üzünü xatırlayıram. Daş kimi… İnsanın içinə oturur, eynən beş körpənin ölüm xəbəri kimi… “Necə dözür ki, buna?” sualına müharibənin soyuq qanunauyğunluğu cavab verir. Düşünürsən ki, bəlkə də bütün körpələr doğulanda belə erkən ölmək üçün doğulur bu yaralı torpaqlarda?!

Bir də düşünmüşdüm ki, savaşın içinə niyə övlad gətirsin ki, insan… Bir var dünyaya uşaq gətirmək, bir də var savaşın içinə doğulan cocuqlar… Bəlkə də dünyanın başqa bir yerində başqa bir şeylə özünü aldadan insan kimi, savaşın içində yaşayan analar da inanır ki, bu müharibənin gülləsi onun balasını öldürməyəcək?!

İntihar edən insanların son ana qədər öləcəyinə inanmadığı kimi…

Azərbaycanda da uşaqlar ümidsizliyin, kasıbçılığın, savadsızlığın, ədalətsizliyin, çürük yanaşmaların, aqresiya və depressiyanın içinə doğulur. Burda uşaqlar və uşaqlıqlar səssizcə, topsuz- tüfəngsiz, müharibəsiz öldürülür.

***

Ölkədə baş verən hər qanunsuzluq, talançılıq, məmur özbaşınalığı necə səssizcə qarşılanırsa, xüsusi qəddarlıqla həyata keçirilən, rezonans doğuran qətl, təcavüz, intihar hadisələri də ancaq sosial şəbəkələrdə “etiraza” səbəb olur.

Elə bil real dövrlər olmadığı kimi, real etiraz da mümkünsüz olub.

Necə gündür ölkə gündəmini 10 yaşlı Nərminin qətli məşğul edib. Amma Nərmin öldürüldükdən sonra bəlli olub ki, sən demə, qətl edilib yandırıldıqdan düz 40 gün əvvəl itən balaca qızı bir kənddə tapmaq mümkün olmayıb. Olmayıb yox, Nərmini tapmaq üçün heç bir ciddi əməliyyat həyata keçirilməyib yəqin və öldürülən qızın kim tərəfindən öldürülməsini üzə çıxarmaq üçün göstərilən canfəşanlıq tapılmasına sərf edilsəydi, indi yəqin Nərmin sağdı.

Amma qızı 40 gün sonra, özü də ölü tapılan valideynlər polislərə təşəkkür edir, onlardan narazı olmadığını söyləyir. Anlamaq nədir, qəzəbdən az qala yerlə göy arasındakı bağlantını, Tanrı ilə bəndə arasındakı rabitəni gəmirib qırmaq istəyirsən. Bu, nə ölkədi, ilahi… Balasını tapmaq üçün barmağını belə tərpətməyib ölüsü tapılandan sonra qaynaşanlardan niyə razı olsun axı bir ana?

Bu ölkədə analıqdamı rejimin qurbanlığı oldu?

Yadımdadır, bir dəfə orduda əsgəri o qədər döymüşdülər ki, ölümcül vəziyyətdəydi. Xəbər mənə çatanda ictimailəşdirmək üçün anasını razı salmaq istədim. Danışanda “yox istəmirəm, daha buna olan olub, qalanları düşünməliyəm. Yoldaşım da məktəbdə müəllim işləyir” deyib razılaşmamışdı.

Biz vətəndaş ola bilmirik, dövləti özümüzkü deyil, onu talayanlarınkı sayırıq. Biz, acizliyə sığınıb Tanrıdan ədalət, haqq, cəza gözləyirk. Amma mən daha əminəm ki, dövlət vətəndaşını unudanda Tanrı da o ölkədə yaşayan bəndələrini unudur.

Suriyada, İraqda, Fələstində unutduğu kimi… Tanrı yer üzündə ağlayan, acı çəkən yüzlərlə uşağın içində Nərmini görə bilmədi.

Beləcə üsyan edib lənət oxumaq istəyirsən hər şeyə… Tanrını belə danmaq, ədalətini belə sorğulamaq keçir içindən… Amma birdən düşünürsən ki, axı Tanrı kimsəyə “özünü körpüdən atsan sağ qalacaqsan” təminat verməyib. Tanrı qanunayğunluqlar yaradıb. O qanunauyğunluqdan biri də odur ki, sussan, kölə kimi boynunu büküb dursan, səni kimsə qoruya bilməyəcək. Dəvəsini bağlamadan Allaha tapşırıb məscidə girənin dəvəsini qorumadığı kimi… Çünki Tanrının işi dəvəni qorumaq deyil, onu qorumağın yolunun bağlamaq olduğunu düşünəcək qədər ağıl verməsidir. Tanrının yaratdığı qanunauyğunluqda dəmir qılıncın qarşısına taxta qılıncla çıxıb qalib olmaq olmur. Demək, o qanunauyğunluğa görə də, “Allah prezidentimizin canını sağ eləsin” deməklə, oturduğun kabinetdə, işlədiyin balaca, hətta pinti bir sexdə başının üstünə Əliyevlərin fotosunu asmaqla nə özünü qoruya biləcəksən, nə də övladlarını…

Üstümüzə dəmir qılıncla səlib yürüşünə çıxmışların qabağına taxta qılıncla çıxmış kimiyik. Bizim “taxta qılıncımız” susmaq, yarınmaq, “biz prezidentimizə inanırıq” yalanıdır və bütün bunlar davam etdikcə, hələ kim bilir nə qədər nərminlər zirzəmilərdə məhv olacaq.

Son vaxtlar “bizə nə olub, niyə belə olur, elə bil hamı dəli olub?” kimi suallar çox eşidilir. Amma bu sualların cavabı çox sadədir. Orduda əsgərlər öldürüldü, siyasi fəallar günahsız yerə şərlənib həbs edildi, işgəncəyə məruz qaldı, sadə vətəndaş polis idarələrində döyülə-döyülə qətl edildi. Biz susduq. Və bu gün ordudakı, həbsxanadakı, DİN və ya DTX-nın zirzəmilərində baş verən dəhşətlər evimizə, məktəbimizə, qonşumuzun boş evinə “köçməkdədi”. Olanlar, intiharlar, qətllərin bu qədər çoxalması təsadüf deyil, bizim susqunluq və laqeyidliyimizin, “mənə nə var”ların yaratdığı reallıqlardı.

Övladının dirisini deyil, ölüsünü tapanlara təşəkkür etmək zehniyyəti durduqca, hələ çox şey görəcəyik.

Tanrı bizi unutduğu kimi, biz də onu unudub İlham Əliyevin ətəyindən yapışmışıq, daha doğrusu, yapışmışıq kimi görünməklə özümüzü elan etdiyimiz tanrıların qəzəbindən qoruduğumuza inandırırıq. Amma qorumuruq. Əksinə, qorumağa çalışdığımız başların içinə dolan qəzəb, aqressiya, ümidsizlik, depressiya İblisə dönüb bizim, övladlarımızın üstünə cumur.

Çətinə düşən kimi də “Allahdan qorx”, “ya da “Allaha tapşırıram”, “Allah kömək olsun” deyirik.

Amma bu yaxınlarda İlham Əliyev dedi ki, məmurlar heç Allahdan da qorxmur. Və Allahdan qorxmayanların ölkəsində hər dəfə bir uşaq öləndə, öldürüləndə sanki ölkədə Allahdan qorxan tək adam İlham Əliyevmiş kimi, dərhal işi öz “nəzarətinə götürür”. Amma bu necə Allahdan qorxmaqdır ki, Elinanın işini Xalidə Bayramova daha çox “nəzarətə” götürdü. Nərminin işini kim “nəzarətə” götürüb, bu, hələ bəlli deyil.

Ana səhifəXəbərlərAllahdan qorxan tək adam