Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib

Böyük Britaniyanın Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın şikayətini rədd edib.

Source:


Keçmiş bankir arvadı sərvətlərinin mənbəyini izah edə bilməsə, əmlakları müsadirə oluna bilər

Böyük Britaniyanın Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın şikayətini rədd edib. Dekabrın 21-də Ali Məhkəmədə bu barədə qərar çıxarılıb.

55 yaşlı Z.Hacıyeva on il ərzində Londondakı “Harrods” ticarət mərkəzində 16 milyon funt sterlinqdən (21.3 milyon dollar) çox xərclədiyi vəsaitin mənbəyini, Londonun bahalı Knightsbridge bölgəsindəki böyük evin, qolf meydançasının hansı maliyyə hesabına alınmasını açıqlamaq öhdəliyilə bağlı qərardan şikayət vermişdi. Ali Məhkəmə belə nəticəyə gəlib ki, onun şikayəti əsassızdır və xərclədiyi külli miqdarda vəsaitin mənbəyini açıqlamağa borcludur.

Bu məhkəmə çəkişməsi 2018-ci ildən davam edir. Böyük Britaniya tarixində ilk dəfə “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtləri Zamirə Hacıyevaya şamil olunub. Britaniya Milli Cinayətkarlıq Agentliyi (MCA) ona qarşı məhkəmədə iddia qaldıraraq, Londonda xərclədiyi onmilyonların mənbəyini açıqlamağı tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, Z.Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və “Harrods” ticarət mərkəzinin üç kartı ilə ödəyib. Bundan əlavə, 2013-cü ildə Z.Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Z.Hacıyevanın “Harrods”ın avtomobil parkında iki xüsusi yeri var. Onun 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550 jet” təyyarəsi aldığı da qeyd olunur.

Ali Məhkəmənin rədd qərarından sonra Z.Hacıyeva bu sərvətin necə əldə oldunduğunu Milli Cinayətkarlıq Agentliyinə izah etməlidir. İzah edə bilməsə, sözügedən əmlakları müsadirə oluna bilər.

Z.Hacıyeva özü baş verənlərlə əlaqədar mediaya açıqlama verməsə də, onun yaxınlarından baldızı Əminə Hacıyeva sərvətlə bağlı yayılan məlumatların bir qisminin ümumiyyətlə, yalan olduğunu bildirib. Onun sözlərinə görə, qardaşının ailəsinin təyyarəsi olması haqda məlumatlar yalandır.

Ə.Hacıyevanın sözlərinə görə, Londondakı ev də oradakı bankdan götürülən kredit hesabına alınıb.

Qardaşının sifarişlə həbsdə saxlandığını deyən Ə.Hacıyeva iddia edir ki, Londonda Z.Hacıyeva ətrafında baş verənlər də Bakının təsirinin nəticəsidir.

Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, Beynəlxalq Bankın 4.3 milyard vəsaitini mənimsəməkdə və ya israf etməkdə ittiham olunur. O, 5 il ərzində iki dəfə mühakimə olunub və yekun olaraq, barəsində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Beynəlxalq Bankın vəsaitlərilə əlaqədar C.Hacıyevlə yanaşı, həyat yoldaşı Z.Hacıyeva barəsində də cinayət işi başlanıb, həbsli axtarış qərarı çıxarılıb. Lakin Britaniya məhkəməsi onu Bakıya təhvil verməkdən imtina edib.

Ana səhifəSiyasətAli Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib