ADO, “göydən 3 banan düşdü” və özünü itirən tamaşaçı…

Bir saat ərzində tamaşaçı da baş qəhrəmanla birgə azad olur

Source: Meydan Tv


Bir saat ərzində tamaşaçı da baş qəhrəmanla birgə azad olur

Azərbaycanın ilk müstəqil teatrı hesab edilən ADO (Azərbaycan Dağınıq Oda), yeddi illik fəaliyyəti dövründə həmişə qeyri-adi tamaşaları ilə fərqlənib.

Klassik teatr ənənələrindən çox uzaq olan modern teatrın, təəssüf ki, hələ də binası yoxdur və aktyorlar tamaşaları kirayələdikləri mənzildə təqdim edirlər.


2017-ci ildən gələn Məlikməmməd

“göydən 3 banan düşdü” iki ildir səhnələşdirilməsinə baxmayaraq, böyük maraqla izlənməkdədir. Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da, nümayiş böyüklər üçün nəzərdə tutulub.

Soruşa bilərsiniz ki, nəyə görə üç alma deyil, üç banan? Rejissor Elmin Bədəlov məsələyə alternativ, həm də xaotik yanaşıb. İntihar edən insanın beyni, düşüncələri qarışıqdır, o, ənənədən kənara çıxır və buna görə də göydən almalar əvəzinə, üç banan düşür.

Hər şey tamaşaçıların zala daxil olması ilə başlayır. Alaqaranlıq otaqda qoyulmuş stolun üstündə, tavandan asılan kəndir önündə intihar etməyə hazırlaşan adam dayanıb. Onunla üzbəüz tamaşaçılar üçün stullar düzülüb. Məkana girən izləyicilərdə ilk olaraq ani çaşqınlıq yaranır, nə baş verdiyini başa düşmək istəyirlər.

O isə gözünü bir nöqtəyə zilləyib, baxışları sönük və cansızdır. Eqzistensial böhran yaşayır, özünü asmaq istəyir, amma buna cürəti çatmır. Ani sükutun ardınca otağın küncündəki su ilə dolu vedrəyə yaxınlaşır. Başını vedrəyə salıb, özünü suda boğmaq istəyir, lakin bunu da bacarmır. Yerə çökür və həyatını təhlil etməyə başlayır. Ekzüpernin “Balaca şahzadə“sində olduğu kimi uşaqlığına, nağıllara qədər gedib çıxır. Keçirdiyi daxili sarsıntıdan, beyni qarışır və mənəvi qatda xaos yaşamağa başlayır.


Stanislavski ilə Nazim Hikmətin ortaq cəhəti: “Yaşamaq şakaya gəlməz”

Elə bu anda, gözlənilmədən, yarıqaranlıq otağa digər aktyorlar, İskra Tarrant, Sabir Vol Məmmədov və Kamran Muradlı daxil olur. Tamaşaçı onları qarabasma, hallüsinasiya sanır, çünki geyimləri nimdaş, saçları pərişandır, özləri də ruh kimi gəzirlər. Eynən qorxu filmlərinin qəhrəmanları kimi. Onlar tamaşanın qəhrəmanı Elgün Həmidovun xəyalında canlandırdığı obrazlardır, düşüncələrinin məhsuludur. Hər üç obraz qəfil yoxa çıxıb, təkrar səhnədə görünür. Başlarına quş qəfəsi keçirilib. Qəhrəmanımız isə özü səhnənin ortasındakı qəfəsin içərisindədir, bizimlə

birgə kənardan olanlara tamaşa edir. Beyninin təxəyyülü olan personajlar səhnəyə yarıçılpaq vəziyyətdə, əllərində bir unitazla gəlirlər. Unitazı otağın ortasına qoyurlar və üstündə oturmaq üçün mübarizəyə başlayırlar. Bundan sonra əsl həngamə başlayır. Tamaşaçı səhnədə söyüş, təhqir eşidir, əlbayaxa dava, hətta erotika da görür. Bütün bunlar baş qəhrəmanın indiyədək etmək istəyib, amma edə bilmədikləridir. Səhnədə bir-birini əvəzləyən xaotik oyunlar, milli nağıllardan obrazlar canlandırılır. Quraşdırılan dekorasiyalar bir anın içində dağıdılır. Ətrafa kitablar səpələnir, personajlar bir-biriylə dalaşır. Yəni bütün bunlar, baş qəhrəmanın beynində baş verir. O, bütün həyatını gözünün önündə canladırır və başlayır həmin tabuları yıxmağa. Aktyorların dinamik oyunu, səhnələrin tez-tez dəyişməsi publikada çaşbaşlıq, eyni zamanda maraq yaradır. Xəyali obrazlar gözlənilmədən tamaşaçılara yaxınlaşırlar. Əvvəlcə, zalda əyləşənlərə irad tuturlar ki, bura niyə gəlmisiniz, belə tamaşa olar? Gedin, “Hemlet”ə baxın. Digər aktyor isə Stanislavskini hədəfə alır, Nazim Hikmət yaradıcılığından sitat gətirir.

”Göydən 3 bana düşdü”
”Göydən 3 banan düşdü”


Elza Seyidcahan 40 qapıdan keçib, Divlə rastlaşandan sonra…

Tamaşada diqqət çəkən məqamlardan biri də musiqi seçimidir. Burada milli musiqilərin təhrif olunmuş variantından istifadə olunub. Fonda əvvəlcə kanadalı müğənni Mişel Qureviçin “Blue Eyes Unchanged”, “Woman is Still a Woman”, “Show Me The Face” adlı mahnıları səsləndirilir. Sonra Alim Qasımovun “İlahi” mahnısı, xalq mahnısı “Qaragilə“, uşaq mahnısı “Tıq-tıq xanım” təhrif olunmuş variantda təqdim olunur.

Sonra əməkdar artist Elza Seyidcahanın “Ha-ha-ha” mahnısının sədaları altında hər üç aktyor qəşş edib, gülməyə başlayır. Tamaşaçılar da onlara qoşulur. Gülüş qəfildən hönkürtüylə əvəz olunur, fonda da Elza Seyidcahanın “Son vida” mahnısı eşidilir.


Və sonda Sumqayıta gedirəm, 20 qəpiyin olmaz?

Qəfil, gözlənilmədən, aktyorlar zalda əyləşənlərdən pul dilənməyə başlayırlar. Yalvarırlar, yapışırlar, diz çökürlər. Publika yenə özünü itirir, nə baş verdiyini anlamır. Hətta aralarında bəziləri çıxarıb, aktyorlara pul uzadır.

Abstrakt, qarışıq tamaşanı özümüz üçün sadələşdirsək, görərik ki, qəhrəmanın düşüncələrindəki, cəmiyyətin, mentalitetdən irəli gələn yaratdığı tabularıdır. Baş verənləri kənardan izləyən qəhrəmanımız, özündə güc tapır, intihar etməkdən vaz keçir, yaşamaq qərarına gəlir. Onun beyninin, ruhunun bir tərəfi mücadiləyə başlayır. Ruhunu sıxan, bu vəziyyətə gətirən maneələrlə, qadağalarla üzləşməyə çalışır. Digər üç obrazın köməkliyi ilə bunu kələk gələrək, ələ salaraq edir. Ciddi bir məsələyə zarafat kimi yanaşır, onu daha rahat aşmağa çalışır və sonda bu, onda alınır.

Bir saatlıq tamaşa əslində, situasiya olaraq, bir saniyədir. Bir saat ərzində tamaşaçı da baş qəhrəmanla birgə azad olur. Özlüyündə arınıb, təmizlənir.

”Göydən 3 bana düşdü”
”Göydən 3 banan düşdü”
screenshot_2019-09-23_at_12.26.13
”Göydən 3 banan düşdü”
Ana səhifəXəbərlərADO, “göydən 3 banan düşdü” və özünü itirən tamaşaçı…