ABŞ qoşunlarının geri çəkilməsi türk və kürd qüvvələrini qarşı-qarşıya qoyub

Çərşənbə axşamı Suriyanın xarici işlər nazirinin müavini Faisal Mekdad ölkənin kürdlərini hökumət tərəfində birləşməyə çağırıb

Source: Meydan TV


“Suriyanın şimal-şərqində mümkün hərbi əməliyyat üçün bütün hazırlıqlar tamamlanıb…”

“Suriyadakı kürd qüvvələri deyib ki, ABŞ qüvvələri Türkiyə-Suriya sərhəddindən qəfil çəkilməyə başlayaraq kürd müttəfiqlərini türk işğalı ilə qarşı-qarşıya qoyub”. “The Guardian” xəbər verir ki, on minlərlə tanınmamış İslam Dövləti döyüşçüsünün və onların ailələrinin taleyi qeyri-müəyyən olaraq qalır.

Bazar ertəsi günü ABŞ silahlı qüvvələri geri çəkildikcə, türk qüvvələri Suriyanın şimal-şərqindəki kürdlərin çoxluq təşkil etdiyi sərhəd ərazilərinə toplanıb.

Türk qüvvələrinin hücum təhdidi avqust ayında əldə olunmuş ABŞ-Türkiyə razılaşmasının sona çatması deməkdir. Hər iki ölkə iki ay öncə razılığa gələrək qoşunları sərhəd boyunca neytral ərazidə birgə patrul həyata keçirməyə qərar verib. Bununla Vaşinqton Ankaranın razılığıyla Türkiyə ilə kürd qüvvələrini bir-birindən ayırmağa və təhlükəsizliyi təmin etməyə çalışıb. Buna baxmayaraq, bu planlama hər zaman gərginliklərlə müşahidə edilib. Belə ki, bu müddət ərzində Türkiyə Suriyanın daxilində hərbi məntəqələr qurmağa və kürd olmayan suriyalı qaçqınları təyin olunmuş təhlükəsiz zonada yerləşdirməyə çalışıb. Türklərin bu tələblərinə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) qarşı çıxıb.

Bazar günü Donald Tramp ilə telefon danışığında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinə artıq ortaq sərhəd tənzimləməsinə tabe olmayacağını və qonşu ölkə Suriyanı işğal etməyə hazırlaşdığını söylədiyi qeyd edilir.

Telefon danışığından sonra Ağ Ev bəyanat (Tramp tərəfindən birbaşa diktə edildiyini göstərən) yayıb: “Türkiyə tezliklə Suriyanın şimalına doğru uzun müddətdir planlanan əməliyyatı həyata keçirərək irəliləyəcək”. Bəyanatda qeyd edilir ki, ABŞ qüvvələri ərazidən çıxarılıb.

SDF bazar ertəsi günü deyib ki, ABŞ Türkiyə sərhədi boyunca olan bölgələrdən qoşunları çıxarmağa başlayıb. Kürd xəbər agentliyi “Hawar”-da yayımlanan görüntülərdə ABŞ zirehli texnikalarının sərhəd bölgəsindəki əsas mövqelərdən geri çəkildiyi göstərilir.

SDF sözcüsü Mustafa Bali ABŞ-ı bölgədən çəkilməklə bu əraziləri “müharibə bölgəsinə çevirməkdə” günahlandırıb. Bali qeyd edib ki, SDF “Suriyanın şimal-şərqini nə bahasına olursa olsun müdafiə edəcək”.

Çərşənbə axşamı Suriyanın xarici işlər nazirinin müavini Faisal Mekdad ölkənin kürdlərini hökumət tərəfində birləşməyə çağırıb. “Vətən bütün oğullarını alqışlayır və Dəməşq Suriyanın bütün problemlərini zorakılıqdan uzaq bir şəkildə həll edəcək”, – Mekdad hökumətyönlü bir qəzetə verdiyi müsahibəsində qeyd edib.

Türkiyənin Müdafiə Nazirliyi bazar ertəsi gecə saatlarda “Twitter” hesabında bəyan edib: “Suriyanın şimal-şərqində mümkün hərbi əməliyyat üçün bütün hazırlıqlar tamamlanıb… Təhlükəsiz bölgənin yaradılması bölgənin sabitliyinə və əmin-amanlığına töhfə vermək və suriyalıların təhlükəsiz yaşamaları üçün vacibdir”.

ABŞ mühafizəkarları Trampı İŞİD-in məğlubiyyətində əsas qüvvə olan kürd döyüşçülərinə xəyanət etməkdə günahlandırır. Tramp administrasiyası təkid edir ki, ABŞ türk hücumunu xoş qarşılamır.

“Görünür ki, türklər bir növ hərbi əməliyyat keçirərək qaçqınların buraya köçürülməsində israrlıdırlar”, – administrasiyanın yüksək səlahiyyətlisi deyib:

“Prezident açıq şəkildə bildirib ki, ABŞ Suriyanın şimalındakı hər hansı bir türk əməliyyatını dəstəkləmir. ABŞ Silahlı Qüvvələrinin hücumda iştirakı və ya türklərin həyata keçirəcəyi hər hansı bir əməliyyata dəstək olması müzakirə mövzusu deyildir”.

İki ölkə arasında gərginləşmənin və Türk hücumunun bəyənilməməsinin daha bir əlaməti olaraq Pentaqon ABŞ və Türkiyə hava qüvvələrinin əks-terror əməliyyatlarında əməkdaşlıq etdiyi iki həftəlik proqramı sonlandırıb. Həmçinin ABŞ Suriya üzərindən uçan pilotsuz dronların təmin etdiyi kəşfiyyat yayımından Türkiyəni çıxarıb.

“Bu, Türklərin Suriya üzərindən uça bilməyəcəyi anlamına gəlmir. Bu, sadəcə o deməkdir ki, onlar ABŞ ilə birlikdə uçuş edə bilməyəcəklər,” Yaxın Şərq proqramı və Xarici Siyasət Tədqiqatları İnstitutunun direktoru Aron Ştayn (Aaron Stein) deyib. “DoD [müdafiə şöbəsi] Türkiyəyə fəsadları xəbərdar etməyə çalışır və onlar baş verəcək hadisələrdə mürəkkəb görünmək istəmirlər.”

ABŞ admnistrasiya rəsmisi deyib ki, təxminən 50-100 ABŞ xüsusi təyinatlı əsgəri sərhəd boyu 30 km ərazini əhatə edən təhlükəsiz bölgədən geri çəkilib ancaq bu o demək deyil ki, ABŞ Suriyanı tərk edib. Vaşinqton qüvvələrini ölkə daxilindəki daha etibarlı mövqelərə yerləşdirəcək.

“Bu, Suriyadan çəkilmək demək deyil,” administrasiyanın rəsmisi bildirib. “Biz Suriya daxilində digər bazalara köçəcək az sayda qoşun haqqında danışırıq.”

“Qoşunların köçürülməsi yaşıl işıq deyil,” o deyib və əlavə edib ki, SDF tərəfindən tutulan İŞİD məhbusları Türk hücumu nəticəsində qaça bilsələr və ya hər hansı müharibə cinayətləri edilərsə, Türkiyə bundan məsuliyyət daşıyacaqdır. O, bazar ertəsi günü Trampın gözlənilən nəticələr barədə xəbərdarlığını əks etdirən tvitinə işarə edib.

Məmurların təqdim etdiyi məlumatlarla Trampın dedikləri indiyədək ziddiyyət təşkil edib. Bazar günü axşam Ağ Ev bəyanatında prezidentin türk hücumuna qarşı çıxmasına işarə edilməyib. Bundan əlavə, sonrakı tvitlərində Tramp admınıstrasiyanın söylədiklərinin əksinə iddia edib. Belə ki, o, sərhəddən çıxarılan ABŞ qoşunlarının Suriyanın içərisinə yerləşdirilməyərək ABŞ-a qaytarılacağını qeyd edib.

Öz tvitlərində Tramp kürdlərə qarşı qeyri-sentimental görünüb. O, qeyd edib ki, Suriyada İŞİD-lə mübarizə aparmaq üçün ABŞ-ın əsas proksi gücü olaraq istifadə edilmiş kürdlər dörd illik kampaniya zamanı "külli miqdarda pul və avadanlıqla" təmin edilib.

Lakin görünən odur ki, əksəriyyəti avropalı olan İŞİD xarici döyüşçüləri məsələsi ABŞ prezidentini açıq şəkildə narahat edir.

Həm Tramp, həm də Kürd rəhbərliyindəki Suriya Demokratik Qüvvələri (SDF) dəfələrlə Avropa dövlətlərini Suriyanın şimal-şərqində saxlanılan 20,000-ə yaxın xarici vətəndaşı reabilitasiya üçün öz ölkələrinə geri göndərilmələrinə çağırıb.

Tramp dəfələrlə "əsir götürülmüş İŞİD döyüşçülərinə və ailələrinə nəzarətin" Türkiyə və Avropaya aid ölkələrin öhdəliyində olduğunu qeyd edib.

SDF sözcüsü Amjed Osman bazar ertəsi günü İŞİD məhbuslarının taleyinin nə olacağını bilmədiyini deyib. “Biz dəfələrlə xarici dövlətləri öz İŞİD vətəndaşları üçün məsuliyyət daşımağa çağırdıq. Ancaq heç bir cavab verilmədi",- o deyib.

Türkiyənin izdihamlı kürd həbsxanalarında və məcburi köçkün düşərgələrində saxlanılan məhbusları nəzarətə götürmək kimi gücə və ya istəyə sahib olması hələ də aydın deyil.

Ana səhifəDünyaABŞ qoşunlarının geri çəkilməsi türk və kürd qüvvələrini qarşı-qarşıya qoyub