3-4 nəfərin dəstəklədiyi Baş nazirlər

Novruz Məmmədovun Baş nazirliyi cəmi 534 gün çəkib.

Mənbə: Meydan TV


Baş nazir təqdimatının müzakirəsi zamanı 21 apreldə 3 nəfər, 8 oktyabrda isə 4 nəfər çıxış edib

21 aprel 2018-ci il. Milli Məclis. İclasa Oqtay Əsədov sədrlik edir. İclasda gündəliyə bir məsələ salınmışdı – prezidentin təqdimatı əsasında Novruz Məmmədovun Baş nazirliyə namizədliyinin müzakirəsi. Ölkənin baş naziri postuna namizəd göstərilən adamın müzakirəsi sədrin diktəsiylə çox qısa çəkir. Cəmi 3 nəfər – Səməd Seyidov, Siyavuş Novruzov və İsa Həbibbəyli danışır. Bununla da Milli Məclis yekdilliklə, 113 nəfərin səsiylə Novruz Məmmədovun namizədliyinə “hə” deyir.

8 oktyabr 2019-cu il. Milli Məclisin iclası. İclasa Oqtay Əsədov sədrlik edir. Bu iclasın gündəliyinə 14 məsələ salınıb. Birinci məsələ yenə Baş nazirliyə namizədlə bağlı prezidentdən gələn təqdimat olub. Spiker yenə il yarım əvvəl olduğu kimi yeni namizədi tərifləyib: “Baş nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq”. Yeni Baş nazirin namizədliyi ilə bağlı bu dəfə 4 nəfər – Siyavuş Novruzov, Vahid Əhmədov, Hikmət Məmmədov, Fəzail Ağamalı çıxış edib. Məsələ səsə qoyulub və 105 nəfər təklifi dəstəkləyib.

Siyavuş Novruzov bu təyinatı çevik siyasət adlandırıb: “Bu gün aparılan sosial-iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilsin. Əli Əsədov ölkədə aparılan abadlıq-quruculuq işlərində Prezident İlham Əliyevin köməkçisi kimi yaxından iştirak edib. Hesab edirəm ki, bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək".

21 ildir (1998-ci ildən) Prezident Administrasiyasında çalışan, 14 il iqtisadi sahəyə məsul şəxsin idarəçilikdə hansı çevik addımlar atması, hansı islahatlar aparması kimsəyə bəlli deyil. Yeri gəlmişkən, Novruz Məmmədov məsələsi 21 aprel iclasında müzakirə olunanda çıxış edənlərdən biri – Səməd Seyidov İlham Əliyevin bu namizədi “zərgər dəqiqliyi ilə” seçdiyini demişdi. Görünür, ya zərgərlikdə problem var, ya da tərəzidə.

image_from_ios (4).jpg
21 aprel 2018-ci il


YADDAŞ ÜÇÜN

İndi isə gəlin Milli Məclisin 21 aprel 2018-ci il iclasının stenoqramının bir hissəsiylə tanış olaq. Bu gün istefaya göndərilən Novruz Məmmədovun namizədliyinin müzakirə edildiyi iclas. Çox maraqlıdır.

Sədrlik edən: Hörmətli millət vəkilləri, mənim Novruz Məmmədovu sizə təqdim etmək fikrim yoxdur, çünki hamınız Novruz Məmmədovu yaxşı tanıyırsınız. Novruz Məmmədov ulu öndərin dövründən fəaliyyətə başlayıb, ilk növbədə Xarici əlaqələr şöbəsinin müdiri olub. Sonra cənab Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb. Bütün fəaliyyəti dövründə hörmətli Novruz müəllim özünü çox ləyaqətli, yüksək mədəniyyətli insan kimi göstərib. Elə ona görə də Novruz Məmmədovun iş fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, ona “Şöhrət” və “Şərəf” ordenləri verilib. Bundan başqa, xarici ölkələrlə dostluq əlaqələrinin yüksək səviyyədə qurulmasına görə ona Fransanın və Polşanın “Fəxri Legion” ordenləri verilib. Yəni hamımız onu tanıyırıq. Cənab Prezidentin də təqdimatı gəlib. Mən hesab edirəm ki, bu məsələni çox uzatmamalıyıq. Qısa müzakirələr keçirək və fikrimizi bildirək. Əgər etiraz yoxdursa, müzakirələrə başlayaq.

Sədrlik edən: Mən razıyam, səsə qoya bilərik. Amma Milli Məclisdir, protokolu var. Yazılın, 2–3 nəfər danışsın ki, sonra bizim həmkarımız, dostumuz Novruz müəllimin də deməyə bir sözü olsun. Buyursun Səməd Seyidov.

Səməd Seyidov: …Oqtay müəllim, Siz burada qeyd etdiniz, Novruz müəllim Heydər Əliyev fəlsəfəsini və İlham Əliyev siyasətini tam şəkildə mənimsəmiş bir insan kimi qiymətləndirilməlidir.

Əziz dostlar, mən Novruz müəllimi uzun illərdir tanıyıram. Bu, mənim üçün böyük bir şərəfdir. Deməliyəm ki, cənab Prezident zərgər dəqiqliyi ilə Azərbaycan xalqının maraqlarına uyğun seçim etmişdir. Bizim strateji hədəflərimizin reallaşması üçün vacib seçim etmişdir. İslahatların dərinləşməsi və genişlənməsi üçün düzgün seçim etmişdir. Ən əsası, cənab Prezident bu seçimi ilə istədiyi islahatların reallaşması və iqtidar komandasının səmərəli fəaliyyəti üçün məntiqli zəmin yaratmışdır. Ona görə, hesab edirəm ki, hörmətli həmkarlar və dostlar bu gün hamımızın yaxşı tanıdığımız, hörmət etdiyimiz, Azərbaycan cəmiyyətində özünəməxsus, yüksək səviyyəli bir yer tutan, Azərbaycan adət-ənənələrinə həmişə riayət edən, onları qoruyan və müdafiə edən görkəmli şəxsiyyət, alim, siyasətçi və təşkilatçı Novruz Məmmədova səs verəcəklər. Mən öz adımdan buna çağırıram. Novruz müəllimə uğurlar, uğurlar və yenə də uğurlar arzulayıram.

Siyavuş Novruzov: Novruz müəllimin diplomatik fəaliyyəti ilə bağlı Səməd müəllim burada fikirlərini bildirdi. Mən də qeyd etmək istərdim ki, Novruz müəllim, həmçinin Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. Novruz müəllim, həmçinin siyasətlə də məşğul olan bir insandır. Biz Novruz müəllimin dövri mətbuatda mütəmadi olaraq tək xarici siyasətlə deyil, həmçinin daxili siyasətlə, Prezidentin apardığı iqtisadi və sosial siyasətlə bağlı çıxışlarının, geniş məqalələrinin şahidiyik. Novruz müəllim 22 ildən artıqdır ki, Prezident Administrasiyasında çalışır və bütün bu vəzifələrə mərhələ-mərhələ, addım-addım gəlib və hər addımında da Prezidentin dəsti-xəttini, siyasətini düzgün həyata keçirib, o cümlədən ölkəmizin maraqlarını istər beynəlxalq aləmdə, istərsə də daxildə ayrı-ayrı təşkilatlar qarşısında çox uğurla qoruyub.

Biz bilirik ki, bu gün bizi daxili siyasətlə yanaşı, xaricdən olan təhdidlər də əhatə edir. İstər seçkilər dövrü olsun, istərsə də digər dövr olsun, mütəmadi olaraq ayrı-ayrı beynəlxalq təşkilatlar və yaxud da ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Azərbaycan dövlətinin əleyhinə, Azərbaycan Prezidentinin apardığı siyasət əleyhinə müxtəlif, həqiqətə uyğun olmayan yazılar yazdırırlar. Novruz müəllimi də həmişə buna qarşı çıxan, bunun qarşısını alan və buna tutarlı cavab verən bir insan kimi görmüşük. Hesab edirəm ki, burada çoxluq Yeni Azərbaycan Partiyasındadır və Yeni Azərbaycan Partiyası adından biz də tam şəkildə Novruz müəllimi dəstəkləyirik. Yeni Azərbaycan Partiyasının sədri Siyasi Şuranın üzvünü Baş nazir vəzifəsinə təqdim eləyib. Biz də bütün həmkarlarımızdan, partiya üzvü olmayan digər həmkarlarımızdan da xahiş edirik ki, Novruz müəllimə səs versinlər və o da bundan sonrakı fəaliyyətini Heydər Əliyev kursu ilə, Prezidentimizin siyasəti ilə daha uğurla, daha müvəffəqiyyətlə həyata keçirsin.

image_from_ios (5).jpg
Novruz Məmmədov NK-nin iclasında

Sədrlik edən: Atalar üçdən deyib, bir nəfər də çıxış eləsin, sonra səsə qoyaq. İsa Həbibbəyli.

İ.Həbibbəyli: …Bu gün Azərbaycan Prezidenti tərəfindən Baş nazir vəzifəsinə namizədliyi təqdim olunan Novruz Məmmədovu bütün başqa bacarıqları ilə bir yerdə hər şeydən qabaq Heydər Əliyev və İlham Əliyev siyasətinə, dövlətçilik strategiyasına dərin sədaqəti, böyük Azərbaycan xalqının taleyində xüsusi yer tutan, gələcəyini müəyyən edən dövlətçilik strategiyası qarşısındakı dərin məsuliyyəti və cavabdehlik hissi səciyyələndirir.

…Novruz müəllim dövlət idarəçiliyi baxımından da sədaqətli, prinsipial və konkret mövqeli olmuşdur. Novruz Məmmədov bütün taleyi ilə ümummilli liderimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin dövlətçilik strategiyasına, ideallarına tam bağlıdır.

Novruz Məmmədov Azərbaycanın dünəninin olduğu kimi, bu gününün də və hətta sabahının da yalnız və yalnız ümummilli liderimiz Heydər Əliyevin yolunda və İlham Əliyevin idarəçiliyində olduğunu birdəfəlik və həmişəlik qəbul etmişdir. Novruz müəllimin xalq arasında hörməti vardır, o, ziyalılar arasında xüsusi nüfuza malikdir. Mən qəti surətdə inanıram ki, Baş nazir vəzifəsində də Novruz Məmmədov ölkəmizin Prezidenti İlham Əliyevin qətiyyətlə, iradə ilə, düşünülmüş şəkildə uğurla apardığı dövlətçilik siyasətini həm ölkə daxilində, həm də ölkəmizdən xaricdə heç zaman onu tərk eləməyəcək sədaqət və əqidə ilə, məsuliyyət və cavabdehliklə təmsil edəcəkdir. Mən Novruz Məmmədovu ölkəmizin Prezidenti, dünyamiqyaslı görkəmli dövlət xadimi İlham Əliyevin yüksək etimadını qazana bildiyi üçün, həyatını bu böyük ideala sədaqətlə həsr elədiyi üçün təbrik edir və ona uğurlar azrulayıram.

image_from_ios.jpg
Baş Nazir Əli Əsədov MM-də

Sədrlik edən: Çox sağ olun. Siyahıda 20 nəfər var. Amma belə görürəm ki, hamımızın fikri birdir. Cənab Prezident təqdimat göndərib, Milli Məclisin razılığını xahiş edir. Xahiş edirəm, məruzələri bitirək və cənab Prezidentin təqdimatına münasibət bildirək. Xahiş edirəm, Milli Məclis öz razılığını bildirsin. Buyurun, səs verin.


Səsvermənin nəticələri (saat 12.23 dəq.)


Lehinə 113


Əleyhinə 0


Bitərəf 0


Səs vermədi 0


İştirak edir 113

Nəticə: Qəbul edildi.

Novruz Məmmədovun Baş nazirliyi cəmi 534 gün çəkib. Müqayisə üçün deyək ki, Artur Rəsizadə bu postda 7853 gün oturmuşdu. Ədalətsizlikdir.

Ana səhifəXəbərlər3-4 nəfərin dəstəklədiyi Baş nazirlər